Oktyabrın 7–8-də Bakıda “Halal sənaye sürətlə dəyişən dünyada dayanıqlılığın mənbəyi kimi” mövzusunda II Azərbaycan Halal Biznes Forumu 2025 böyük uğurla keçirilib. Bu forum halal sənayenin inkişafı, davamlılıq prinsiplərinin tətbiqi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədi ilə təşkil olunmuşdur. Tədbir həm dövlət qurumlarının, həm də özəl sektor nümayəndələrinin, akademik dairələrin və beynəlxalq təşkilatların iştirakı ilə milli və beynəlxalq səviyyədə əhəmiyyətli platforma yaratmışdır.
Azərbaycan Halal Biznes Forumu 2025- də 30-dan çox ölkədən yüksək rütbəli nümayəndələr, iş adamları, halal sahəsində ekspertlər və akademik mütəxəssislər iştirak etmişdir. Onlar halal sənayenin sürətlə dəyişən dünyada dayanıqlılıq, keyfiyyət və etibarlılıq prinsiplərini necə təmin edə biləcəyi mövzusunda fikir mübadiləsi aparmış, təcrübələrini paylaşmışlar. Bu, ölkəmizin halal iqtisadiyyat sahəsində beynəlxalq əlaqələrini gücləndirmək və yeni biznes imkanları yaratmaq baxımından əhəmiyyətli bir addım hesab olunur.
Azərbaycan Halal Biznes Forumu 2025 çərçivəsində təşkil olunan sərgidə Azərbaycanla yanaşı Türkiyə, Özbəkistan, Pakistan, Qırğızıstan və digər ölkələrdən olan 30-a yaxın şirkət öz məhsul və xidmətlərini nümayiş etdirmişdir. Sərgidə qida məhsulları, parfümeriya və kosmetik vasitələr, tekstil məhsulları, aksesuarlar və digər halal sənaye məhsulları ziyarətçilərə təqdim olunmuşdur. Həmçinin, sərgidə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Standartlaşdırma İnstitutu, KOBİA, Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası və Pakistan–Azərbaycan Ticarət Palatası öz stendləri ilə iştirak edərək ziyarətçiləri məlumatlandırmışlar. Bu, forum iştirakçılarına həm yerli, həm də beynəlxalq məhsulları tanımaq, müqayisə etmək və yeni əməkdaşlıq imkanlarını öyrənmək baxımından geniş imkanlar yaratmışdır.
Rəmzioğlu Paxlava olaraq biz də AZHAB Azərbaycan Halal Biznes Forumu 2025-də stendimizlə iştirak etdik. Tədbir zamanı həm yerli, həm də xarici qonaqlara şirkətimizin fəaliyyəti və məhsulları haqqında ətraflı məlumat verdik, Azərbaycan milli şirniyyatlarının zəngin çeşidini təqdim etdik. Qonaqlara məhsullarımızı dadım üçün təqdim etdikdə onların marağı və xoş rəyləri bizi çox sevindirdi. Bu rəylər yalnız məhsulların keyfiyyətinə deyil, eyni zamanda Azərbaycan milli mətbəxinin və mədəniyyətinin zənginliyinə verdiyi dəyəri də əks etdirir.
Forum çərçivəsində qazanılan bu təcrübə və qurulan yeni əlaqələr Azərbaycan paxlavasını dünya miqyasında tanıtmaq və milli şirniyyatlarımızın halal sertifikatlı, keyfiyyətli və etibarlı məhsul olaraq beynəlxalq bazara çıxarılması baxımından böyük əhəmiyyət kəsb edir. Bizim iştirakımız həm yerli, həm də beynəlxalq auditoriyaya milli dəyərlərimizə sadiqliyimizi göstərir və Azərbaycan paxlavasının yalnız dadlı şirniyyat olmadığını, eyni zamanda xalqımızın tarixini, mədəniyyətini və milli irsini əks etdirən bir miras olduğunu bir daha nümayiş etdirir.